Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

QƏDƏR MÖVZUSU İLƏ ƏLAQƏLİ QURAN AYƏLƏRİ>>
QƏDƏRƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ>>

MƏQALƏLƏR:
-Olub Bitənləri Gələcəkdən İzləmək
-Qədəri Bilmək Möminlər Üçün Bir Rahatliq Və Hüzur Vəsiləsidir
-Qədərə Təslimiyyət
 

Qədərə təslimiyyətin əhəmiyyəti

Əgər Allah istəyirsə, bir insan gözəllikdən zövq alır. Allah istəyirsə, insan kəşflər edir, yeni texnologiya icad edir. Allah`ın diləməsi ilə mahnı bəstələyir, kaman çalır, kitab yazır. İnsan, əgər Allah istəyirsə sevinir, kədərlənir, zövq alır, həyəcanlanır, narahatlıq və ya coşğu duyur. İnsanın musiqidən zövq alması, gözəlliyi təqdir edə bilməsi Allah`ın diləməsi sayəsində olur. Gözəl mənzərədən, gözəl paltardan, gözəl davranışdan, çiçəkdən, dovşandan, hər hansı bir rəsm əsərindən, yediyi təamdan zövq alması Allah’ın izni ilədir. Allah istəməsə, insan bu hisslərin və bu bacarıqların heç birinə sahib ola bilməz.


Keçmiş və gələcəyin Allah qatında yaradılmış və yaşanmış, eləcə də gizli və hazır hadisələr olması bizə çox vacib bir həqiqəti göstərir: Hər insan qeydsiz-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır. Gələcəyindəki bütün hadisələr nə vaxt, harada, nə yemək yeyəcəyi, kimlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəlikləri keçirəcəyi, sonunda nə zaman, harada və necə öləcəyi hamısı bəllidir və bunları dəyişdirə bilməz. Çünki bunlar Allah qatında və Allah`ın hafizəsində yaşanmış olaraq mövcuddur. Sadəcə bunların məlumatı hələ insanın hafizəsində yoxdur.


Başlarına gələn hadisələrə görə kədərlənən, əsəbiləşən insanlar və ya gələcəyi üçün qayğılananlar, əslində boş yerə bu qədər narahatlıq keçirirlər. Çünki haqqında qayğı və narahatlıq keçirdikləri gələcəkləri onsuz da yaşanmışdır. Nə edirlərsə etsinlər, bunları dəyişdirmək imkanları da yoxdur.


Bəzi insanlar “onsuz da qədərimdə nə varsa, onu yaşayacam, ona görə də heç bir şey etməyimə ehtiyac yoxdur” deyərək yanlış qədər inancına sahib olurlar. Hər yaşadığımızın qədərimizdə bəlli olduğu bir gerçəkdir. Biz hələ hadisəni yaşamamışdan əvvəl o, Allah qatında yaşanmışdır və bu hadisə haqqındakı bilgilər də bütün xüsusiyyətləri ilə birlikdə Allah qatında Lövhi-Məhfuz adlı kitabda yazılmışdır. Ancaq Allah hər insana hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkan varmış kimi bir hiss verir. Məsələn, insan su içmək istəyəndə bunun üçün “qədərimdə varsa, içərəm” deyərək oturub gözləmir. Bunun üçün ayağa qalxır, stəkanı götürür və suyu içir. Həqiqətən də, qədərində müəyyən olunmuş stəkanda, müəyyən edilmiş miqdarda su içir. Ancaq bunları edərkən öz iradə və istəyi ilə etdiyinə dair bir hiss duyur. Bütün həyatı boyu bu hissi gördüyü hər işdə yaşayır. Allah`a və Allah`ın yaratdığı qədərinə təslim olmuş bir insanla bu həqiqəti qavramayan insan arasındakı fərq budur: Təslimiyyətli insan bu hissləri və hadisələri özü yaşamasına baxmayaraq, bunları Allah`ın diləməsi ilə yaşadığını dərk edir. Digəri isə bütün bunları öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılır.


Məsələn, xəstəliyini yeni öyrənən təslimiyyətli bir insan bunun qədərində olduğunu bildiyi üçün çox təvəkküllü davranır. “Allah bunu qədərimdə yaratmışdırsa, mütləq bunda bir xeyir var” deyə fikirləşir. Ancaq “qədərimdə varsa, sağalaram” deyərək tədbirsiz oturub gözləmir. Əksinə, lazım olan bütün tədbirləri görür: həkimə gedir, dərman qəbul edir. Lakin getdiyi həkimin, həkimin ona etdiyi müayinənin, qəbul etdiyi dərmanların, bunların ona necə təsir göstərəcəyinin, sağalıb-sağalmayacağının, qısası, hər xüsusiyyətin qədərində olduğunu unutmur. Bunların hamısının Allah`ın hafizəsində hələ o dünyaya gəlməmişdən əvvəl mövcud olduğunu bilir.


Allah Quranda insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 22-23)


Elə buna görə də, qədərə iman gətirən bir insan başına gələn heç bir hadisəyə görə kədərlənmir və ümidsizliyə qapılmır. Əksinə, çox təvəkküllü, təslimiyyətli və daima hüzurlu olur. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəlcədən bəlli olduğunu, buna görə də qarşılaşdıqları çətinliklərə görə kədərlənməməyi və onlara verilən nemətlərə görə həddindən artıq sevinməməyi əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi uğur və müvəffəqiyyət də Allah`ın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün əvvəlcədən yaratdığı hadisələrdir. Bir ayədə bildirildiyi kimi, “...Allah`ın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.” (Əhzab surəsi, 38)


Allah bir başqa ayəsində isə, “Biz həqiqətən də, hər şeyi qədər ilə yaratdıq.” (Qəmər surəsi, 49) deyə bildirir. Sadəcə insanların deyil, bütün canlıların, əşyaların, günəşin, ayın, dağların, ağacların, hər varlığın Allah qatında əvvəlcədən müəyyən edilmiş qədəri var. Məsələn, sınan bir antik vaz qədərində müəyyən edilmiş anda sınıb. Bir neçə yüzillik tarixi olan bu vaz hələ ilk dəfə istehsal ediləndə kimlərin onu istifadə edəcəyi, hansı evin hansı guşəsində hansı əşyalarla birgə duracağı bəlli olaraq yaradılıb. Vazın quruluşu, üzərindəki hər rəng qədərdə əvvəlcədən müəyyən edilmişdir. Vazın hansı gün, hansı saat, hansı dəqiqə, kim tərəfindən necə qırılacağı da Allah`ın hafizəsində yaşanmış olaraq mövcuddur. Hətta vazın ilk emal edildiyi an, ilk dəfə satılmaq üçün vitrinə qoyulduğu an, bir evin guşəsinə qoyulduğu an və sınaraq parça-parça olduğu an, qısası antik vazın yüzillər boyu mövcud olduğu hər an, Allah qatında tək bir an kimi mövcuddur. Vazı sındıran insan bir neçə saniyə bundan əvvəl belə bundan xəbərsiz olduğu halda, Allah qatında o an yaşanmışdır və bilinirdi. Buna görə də, Allah insanlara itirdiklərinə görə kədərlənməmələrini bildirir. Çünki bu qədərdə vardır və insanların da bunu dəyişdirmək ixtiyarı yoxdur. İnsanlar qədərlərində baş verən hadisələrdən ibrət götürməli, bunlardan dərs çıxarmalı, bu hadisələrdəki hikmət və xeyirləri görərək daima qədərlərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını qoruyan Rəbbimizə yönəlməlidirlər.


Bu vacib həqiqətdən xəbərsiz yaşayan insanlar isə bütün həyatları boyu narahatlıq və qorxu içində olurlar. Halbuki, hər insanın hələ tək bir hüceyrə olduğu halından ilk dəfə oxuma, yazma öyrəndiyi ana, universitet imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətlərdə nə işlər görəcəyinə, hansı sənədlərə neçə dəfə qol çəkəcəyinə, harada və necə öləcəyinə qədər hər an Allah qatında bəllidir. Bu hadisələrin hamısı Allah`ın hafizəsində gizli olaraq mövcuddur. Bir insanın orta məktəb və universitet həyatı, 35 yaşını qeyd etdiyi anı, işinə başladığı ilk günü, ölərkən mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allah`a hesab verdiyi anlar da daxil olmaqla bütün həyatı tək bir an kimi Allah qatında mövcuddur.

Bir halda ki hər an Allah qatında yaşanmış, görülmüş və Allah`ın hafizəsində hazır olaraq mövcuddursa, belə bir həyat üçün narahat olmaq, qorxmaq, kədərlənmək böyük bir qəflətdir. Nə qədər cəhd etsə də, nə qədər qayğılansa da, bir insanın özü də, ailəsi də, yaxınları da onlar üçün Allah qatında hazır və yaşanıb bitmiş həyatı yaşayacaqlar.

Buna görə də, ağıl və vicdan sahibi hər insan bu həqiqəti qavrayaraq, Allah`a və Allah`ın yaratdığı qədərə qəlbən təslim olmalıdır.


Allah`a qəlbən təslim olan insanlar həm Allah`ın razılığını, rəhmətini və cənnətini qazanar, həm də dünyada və axirətdə hüzurlu və xoşbəxt yaşayarlar. Çünki Allah`a təslim olan, Allah`ın yaratdığı qədərin onun üçün ən xeyirlisi olduğunu bilən bir insanı kədərləndirəcək, qorxudacaq və ya narahat edəcək heç bir şey yoxdur. Bu həqiqəti dərk edən insan əlindən gəldiyi qədər cəhd etməli, ancaq bu cəhdin də qədərində olduğunu, nə edirsə etsin qədərində yazılanı dəyişdirməyə gücü çatmayacağını yaxşı bilməlidir.


Mömin insan Allah`n yaratdığı qədərə təslim olur, bununla bərabər qarşılaşdığı hadisələr qarşısında tədbirli davranır, hadisələri xeyirli yönə isiqamətləndirmək üçün üçün cəhd edir, amma bütün bunların qədəri daxilində baş verdiyini və Allah`ın ən xeyirlisini əvvəlcədən onun üçün təqdir etdiyini də unutmur.


Quranda bu xüsusiyyətə nümunə kimi hz.Yaqubun övladlarının təhlükəsizliyi üçün aldığı tədbirdən bəhs edilir. Hz. Yaqub pis niyyətli insanların diqqətini çəkməmək üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi tövsiyə etmiş, lakin bunun Allah`ın yaratdığı qədərə də əsla təsir göstərməyəcəyini onlara xatırlatmışdır:

O dedi: “ Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allah`ın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allah`ındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər. (Yusif surəsi, 67)


Allah insanların nə qədər cəhd etsələr də, qədərlərində olanı dəyişdirməyəcəklərini bir ayəsində belə bildirir:

Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik- bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “ Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allah`a aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”. (Ali-İmran surəsi, 154)


Bir insan ölməmək üçün xeyir və ibadətindən qaçsa belə, əgər qədərində ölmək varsa, onsuz da öləcək. Hətta ölümdən qaçmaq üçün istifadə etdiyi bütün yollar və vasitələr də qədərində bəllidir və hər insan qədərindəki hadisəni mütləq yaşayacaq. Allah bu ayəsində də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və qəlblərini təmizləmək olduğunu göstərir. “Fatir” surəsində isə hər insanın ömrünün Allah qatında bəlli olduğu, bətnlərdəki körpələrin də Allah`ın izni ilə doğulduğu bildirilir:

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzun ömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq açıq-aydın Yazıda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)


Qəmər surəsinin aşağıdakı ayəsində isə, insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilərkən, cənnət əhlinin yaşadıqları da yaşanmış hadisə olaraq izah edilir. Daha əvvəl də bildirildiyi kimi cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Lakin cənnətdəkilərin yaşadıqları, söhbətləri, ziyafətləri bu an üçün də Allahın sonsuz hafizəsində mövcuddur. Bütün insanların dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanıb və Onun hafizəsində mühafizə edilir.

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır. Hər bir kiçik və böyül əməl yazılmışdır. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, qadir hökmdarın hüzurundakı haqq məclisində olacaqlar! (Qəmər surəsi, 52-55)

 


Müəllif Haqqında - Digər Saytlar- English

Bu saytda yayınlanan bütün məlumatı, saytı referans göstərmək şərtiylə müəllif haqqı ödəmədən kopyalaya bilər və çoxalda bilərsiniz.
www.adnanoktar.az

Quran.az