Yer üzündə Allah`ın möminlərə yaşatdığı imtahanın çox əhəmiyyətli bir sirri var. Bu sirrdən agah olan möminlər qarşılaşdıqları çətinliklərə böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında "qədər" həqiqəti dayanır. Müsəlman Allah`ın hər şeyi bir qədər üzrə yaratdığını və başına gələnlərin yalnız Allah`ın diləməsi ilə baş verdiyini bilir. İnsanların həyatlarında yaşadıqları hər hadisəni yaradan Allah`dır. "Ənam" surəsində yer üzündə baş verən kiçik-böyük bütün hadisələrin Allah`ın diləməsi ilə reallaşdığı belə ifadə edilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
İnsan zamandan asılı yaşayan və hadisələri yalnız yaşadığı andan baxaraq qiymətləndirən varlıqdır. Beləliklə, insan gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki hikmətləri, gözəllikləri və xeyirləri də hər zaman görə bilmir. Lakin zamandan münəzzəh olan və zamanı yaradan Allah, bütün varlıqların həyatlarını "zamanın xaricindən" görə bilir. Bu məqamda qarşımıza çıxan da məhz qədər həqiqətidir. Qədər Allah`ın keçmiş və gələcək bütün hadisələri tək bir anda bilməsidir. Yəni "sonu bilinməyən hadisələr" yalnız bizim üçün "naməlum"dur. Allah bizim bilmədiyimiz bu hadisələrdən agahdır. (Ətraflı məlumat üçün baxın. Zamansızlıq və Qədər Gerçəyi, Harun Yəhya)
Buna görə də insanın imtahanı əvvəli və sonu məlum olan imtahandır. Keçmiş, gələcək və hal-hazırda yaşadığımız an Allah Qatında birdir, hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq zamanı gələndə yaşayaraq öyrənirik.
Beləliklə, bu "qədər elmi" inkarçıların agah ola bilmədikləri böyük elmdir. Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə və sınaqlara səbir göstərmələrinə səbəb olan da bu elmdir. İman gətirənlər "Allah`ın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allah`a iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir." (Təğabun surəsi, 11) ayəsində də bildirildiyi kimi, başlarına gələn hər şeyin qədər üzrə reallaşdığını bildiklərinə görə bunun rahatlığını və hüzurunu yaşayırlar.
Möminlərin imtahanı Allah`dan bir rəhmət olaraq çox asan yaradılmışdır. Lakin bu asanlıq yalnız səmimi iman gətirən və qədərə təvəkkül edənlər üçündür. Haqqı ilə iman gətirən, səmimiyyətlə Allah`a təslim olan müsəlman qarşılaşdığı hadisələrin durmadan dəyişməsini ibrət, həyəcan, şükür və təfəkkürlə seyr edir. Kresloya oturub filmi izləyən insan kimi onun üçün hazırlanmış qədəri rahat və sevinclə izləyir. Bəzən hərəkətli, bəzən ürküdücü, bəzən nəfsə xoş gələn, bəzən sakit kimi görünən hadisələrin hamısında mömin üçün iman zövqü və həyəcanı vardır. Ürküdücü epizodlar onun üçün xüsusi hazırlanmış görüntülərdir. Ən incə xüsusiyyətinə qədər planlanıb. Nəticə etibarilə bunların hamısı Allah`ın məlumatı daxilində və Onun idarəsindədir.
Qədər həqiqətini bilən və imtahanın bu sirrini qavrayan müsəlman başına gələn hər cür müsibəti, aclığı ya da yoxsulluğu nemət kimi görür və bunlardan çox böyük zövq alır. Çünki bu sınaqlar qarşısında göstərdiyi gözəl əxlaqın Allah Qatında çox qiymətli olduğunu bilir. Bu, möminlərə xas xüsusiyyətdir. Müsəlmanlar bu cür çətinliklər qarşısında hüzün, stress, acı, təlaş, qorxu kimi duyğular yaşamırlar. Çünki Allah`ın xeyir-şər kimi görünən bütün hadisələri müsəlmanların lehinə yönəldəcəyini bilirlər. Allah möminlərə, “Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa surəsi, 141) ayəsi ilə xəbər vermişdi.
Ancaq burada bir şey səhv başa düşülməməlidir: Möminlər dünyada hər cür çətinlik və sıxıntılarla qarşılaşa bilər. Mallarını itirə, fiziki olaraq zəifləyə, xəstələnə, yaxud da yaralana bilər, hətta ölə və öldürülə bilərlər. Ancaq bunların heç biri müsəlmanlar üçün "şər" deyil. Allah bunlarla iman gətirən qullarını sınaqdan keçirir və göstərdikləri səbirin əvəzini də həm dünyada, həm də axirətdə qat-qat verir. Müsəlmanlar bu qısa imtahan nəticəsində sonsuz cənnət həyatı ilə mükafatlandırılırlar.
Buna görə də bu əhəmiyyətli həqiqəti dərk edən müsəlmanlar çətinliklərlə qarşılaşdıqda şövqlənirlər. Möminlərin bu şövqləri eyni zamanda inkar edənlərin qurduqları tələləri puça çıxaran və onların qalib gəlməsinə mane olan bir vəziyyətdir. İnkarçılar möminləri çətin vəziyyətdə buraxdıqlarını zənn etdikləri anlarda onlardakı bu sevinc və şövqü görərək əsla zərər verə bilməyəcəklərini də başa düşürlər. Üstəlik, müsəlmanların çətinlik anlarında danışdıqları gözəl sözlər da onların yaşadıqları təslimiyyəti və təvəkkülü inkarçılara göstərir. Quranda möminlərin çətinlik qarşısında söylədikləri sözlər belə bildirilmişdir:
“(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allah`a təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah`a təvəkkül etsinlər. Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız! Rəbbi də onlara belə vəhy etdi: "Biz zalımları mütləq məhv edəcəyik və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir.” (İbrahim surəsi, 12-14)
“De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
Şübhəsiz, bütün bunlar müsəlmanların Allah`ın yaratdığı qədərə təslimiyyətlərinin nəticəsidir. Allah`a etibar edən insan artıq heç bir qorxu və kədər yaşamayacaq:
“Həqiqətən də: “Rəbbimiz Allah`dır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (Əhqaf surəsi, 13)
“Xeyr! Kim yaxşı işlər görüb Allah`a təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (Bəqərə surəsi, 112)
“Şübhəsiz ki, Allah`ın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allah`dan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah`ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.” (Yunus surəsi, 62-64)
Allah başqa ayələrində də Özünə inanan və təslim olan qullarının əsla qopmayacaq bir "ipə" yapışdıqlarını bildirmişdir:
“Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah`a qayıdır.” (Loğman surəsi, 22)
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah`a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.” (Bəqərə surəsi, 256) |